Yay-qış fərq etməz, insanlar ilin bütün fəsillərində səyahət planları qururlar. Dünyanın yeni yerlərini görmək, tanımaq üçün turpaket sifariş edənlər, öncədən bilet alanlar, hotel bron edənlər… və daha nələr. Hamının yenilikləri kəşf etmək arzusu və məqsədi olur.
Amma səyahət etmək həm də ciddi risk deməkdir. Fərqli iqlim, xəstələnmə ehtimalı deməkdir, məsələn. Və ya səyahət etdiyin ölkədə qəzaya tuş gələ bilərsən. Yolda, hoteldə, dağda, çimərlikdə… Heç birimiz belə qəzalardan sığortalanmamışıq. Amma baş verə biləcək qəzalar üçün özümüzü maddi baxımdan sığortalaya bilərik. Şengen vizası almaq üçün səfirliklərə müraciət edənlərdən ilkin tələb edilən sənədlərin siyahısında səyahət sığortası da var.
Səyahət zamanı ən ehtiyac duyulan maliyyə sənədlərindən biri məhz səyahət sığortasıdır. “Yeni Müsavat” mövzunun aktuallığını nəzərə alıb, səyahət sığortası barədə arayış hazırlayıb. Səyahət sığortası xarici ölkələrə səyahət zamanı sağlamlığınızla bağlı olaraq ortaya çıxa biləcək bədbəxt hadisə, tibbi xərc və digər riskləri zəmanət altına alır. Ölkəmizin hüdudlarından kənarda olduğumuz zaman gözlənilmədən baş verən hadisələr və qəfil xəstəliklər barədə düşünməyimiz vacibdir. Qarşılaşdığımız qəfil xəstəliklər, bədbəxt hadisələr istirahətimizi, işgüzar əhval-ruhiyyəmizi pozmaqla yanaşı, çox ciddi miqdarda maliyyə vəsaiti də tələb edir. Bu hadisələrdən sığortalanmamaq gələcəkdə baş verəcək təhlükələr qarşısında aciz qalmaq deməkdir.
Əgər bu təhlükələr evimizdən kənarda baş verirsə və köməyimizə heç kim yetişə bilmirsə, onda bizə nə edəcəyimiz barədə yalnız ciddi düşünmək qalır.
Məhz bu səbəbdən hazırda dünyanın bir çox ölkələri səyahət sığortası olmayan şəxslərin öz ölkələrinə daxil olmalarına icazə vermir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta hadisəsi nəticəsində sığorta olunmuş şəxsin:
- tibbi (ambulator və stasionar) xidmətlər üzrə
- tibbi daşınma/evakuasiya və repatriasiya
- hüquqi yardım
- baqajın itməsi
- səyahətin ləngiməsi və s. ilə əlaqədar çəkdiyi xərclər sığorta məbləği həddində ödənilir.
Xarici ölkələrdə turistin sığortası ilə sığorta şirkətinin həmin ölkədəki tərəfdaşı məşğul olur. Bu tərəfdaşın əlaqə vasitələri sığorta müqaviləsində göstərilir. Bununla belə, müştərilər səyahət sığortası edərkən bəzi məsələlərə diqqət yetirməlidirlər. Məsələn, sığorta şirkəti ilə əvvəlcədən dəqiqləşdirmək lazımdır ki, hadisə baş verəndə kiminlə əlaqə saxlamaq lazımdır. Bəzi sığorta şirkətləri tələb edir ki, hadisə baş verən zaman onların “qaynar xətt”inə müraciət edilsin. Əks halda, ödəniş edilmir. Bundan başqa, bəzi şirkətlər tələb edir ki, xəstəxanada çəkilən bütün xərclər sığorta şirkəti və onun həmin ölkədəki tərəfdaşı ilə razılaşdırılsın. Bütün bu məsələləri nəzərə almaq lazımdır.
Turist səfərlərinə çəkilən xərclə müqayisədə səyahət sığortasına ödəniləcək məbləğ cüzidir. Qiymətin konkret məbləği səyahətçinin hansı ölkəyə getməsindən, səfərin məqsədindən, müştərinin yaşından və səfərin müddətindən asılıdır. Bundan başqa, sığorta haqları turistlərin hansı qrupa aid olmasından asılıdır. İdmançılar, yaşlı və ahıl insanlar, ağır iş arxasınca gedən şəxslərə (şaxtada, tikintidə işləmək üçün) və alpinistlər üçün sığorta haqları sadə turistlərə nisbətən yüksək olur. Onların riskləri böyük olduğuna görə, sığortaya görə də daha çox pul ödəməli olurlar.
Digər könüllü sığorta növlərində olduğu kimi, səyahət sığortasında da azadolma məbləği tətbiq olunur. Adətən bu məbləğ 50 dollar civarında olur. Yəni bu həddə qədər xərcləri turist özü çəkməli olur. Sığorta şirkətləri bir-biri ilə bağladığı müqavilələrin əsasında səyahət sığortasını təmin edə bilirlər. Səyahət sığortasının qiyməti qarşılayacağı məbləğə və səyahət növünə görə dəyişir. Məsələn, Azərbaycanda 50 min manata qədər olan səyahət sığortası ilə yanaşı, 15-25 manat dəyərində də səyahət sığortaları olur.
Avropa ölkələrinə səyahət zamanı turist mütləq səyahət sığortası almalıdır. Bu, qəbul edən ölkənin turistin səyahət zamanı başına gələcək hadisəyə görə maliyyə çətinliyinin qarşılığının öncədən alınması məqsədini güdür. Səyahət sığortasının qiyməti adətən səfərin ekstremal və yaxud da qeyri-ekstremal olmasına görə də dəyişir. Əgər səfər çox təhlükəlidirsə, dağlara dırmaşırlarsa, sürətli çaylarda səfərdirsə və s. ekstremal səfərdirsə, səyahət sığortasını verən şirkət hətta sığortadan imtina da edə bilər. Və ya səyahət sığortasını verərsə, çox baha qiymət qoya bilər. Çünki artıq qəzanın baş vermə ehtimalı çox böyükdür.
Adətən səyahət sığortası geri qaytarılmır. Turistin başına hər hansı hadisə gəlməsə belə, o məbləğ geri ödənilmir. Amma buradakı incə məqamları da yaddan çıxarmaq olmaz. Turist əməliyyat keçiribsə və yaxud da onda xroniki xəstəliklər varsa, yaşanan xəstəlik bədəndə uzun müddətdirsə, bu, səyahət sığortasına aid edilmir. Turist qidadan zəhərlənə, səfər zamanı qəzaya düşə bilər, bədəninin bir orqanında zədə yarana bilər. Və yaxud da səyahət zamanı düşdüyü ölkənin havasından allergik problemlər yarana bilər. Bunların hamısı, yəni səfərlə, səyahətlə əlaqəli yaranan bütün problemlər səyahət sığortasına aiddir. Səfər etdiyi ölkədə adam dişini çəkdirirsə və yaxud hansısa bir estetik əməliyyat və yaxud ürək əməliyyatı etdirirsə, bunların heç biri səyahət sığortasına şamil olunmur.
Xarici ölkədə müştərinin başına hansısa bir hadisə gəlsə, yaranan xərcləri ödəmək iqtidarında olmaya bilər. Səyahət sığortası isə bu xərcləri qarşılayacaq. Sığorta sayəsində müştərinin səhhəti ilə bağlı yaranan xərclər ödənilir. Turist sığortanı imzalamadan səfərə gedirsə, onun başına gələ biləcək bədbəxt hadisə ilə bağlı nə onu yönləndirən turizm şirkəti, nə də sığorta şirkəti heç bir məsuliyyət daşımır. Turist bütün xərcləri özü qarşılamalı olur.